DÜNYA
“Fugro Discovery” tədqiqat gəmisi itmiş Malayziya təyyarəsinin axtarışına başlayır
“Fugro Discovery” tədqiqat gəmisi mart ayının əvvəllərində Hind okeanında itmiş Boeing 777-200 Malayziya təyyarəsinin axtarışına qoşulub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hazırda axtarış zonasında okean dibinin relyef xəritəsini tərtib edən “Fugro Equator” gəmisi də işləyir. Avstraliya nəqliyyatda təhlükəsizlik idarəsinin məlumatına görə, ümumilikdə okean dibinin 140 min kvadratkilometrlik sahəsinin xəritəsi hazırlanıb. İndiyədək avialaynerin axtarışının 1200 kvadratkilometr ərazidə aparıldığını qeyd edən avstraliyalı mütəxəssislər axtarışın bu mərhələsinin təxminən bir il üçün hesablandığını bildiriblər.
Xatırladaq ki, 2014-cü il martın 7-də Kuala-Lumpur–Pekin marşrutu ilə hərəkət edən “Malayziya hava yolları”na məxsus Boeing 777-200 havaya qalxdıqdan 2 saat sonra radarlardan itmişdi. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin axtarışı hələlik heç bir nəticə verməyib.
Avqust ayında Avstraliya hökuməti itmiş təyyarənin okean dərinliyində axtarışı üçün Niderlandın “Fugro” şirkəti ilə 52 milyon dollarlıq müqavilə bağlayıb.