ELM VƏ TƏHSİL
“Fujifilm” Azərbaycanda tərəfdaşlarının sayının artmasını istəyir VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
“Fujifilm Türkiyə”nin rəhbəri Jun Hiquçi noyabrın 25-də Bakıda jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan sürətlə inkişaf edir. İnanıram ki, ölkənizdə tərəfdaşlarımızın sayı artacaq.
“Fujifilm”in dünya foto sənayesinə önəmli töhfələr verdiyini söyləyən J.Hiquçi fotoqrafiya ilə məşğul olan insanların ixtisaslaşması işinin təkmilləşdirilməsinin onların əsas məqsədi olduğunu bildirib. Azərbaycanda fotoqraflar üçün ilk belə seminarın keçirildiyini qeyd edən “Fujifilm Türkiyə”nin rəhbəri tədbirdə bir sıra önəmli təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.
Jun Hiquçi deyib: “Şəklin çap edilməsi yolları, eləcə də fotoaparatların sxemi barədə təqdimatlar oldu. Bizim “Fujifilm” şirkətinin Azərbaycandakı rəsmi distribüteri “MS 2006” ilə sıx əlaqələrimiz var. Bu seminar, həmçinin “MS 2006” ilə gələcək əməkdaşlığımızın müzakirəsi üçün yeni bir imkan oldu. Biz “MS 2006” ilə tərəfdaşlığımızın genişləndirilməsində maraqlıyıq. Azərbaycan 2015-ci ildə bir çox mötəbər tədbirlərə, o cümlədən birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. İnanıram ki, bu, bizə yeni tərəfdaşlar qazanmaq üçün imkan yaradacaq”.