DÜNYA
“Fukusima-1” AES-də qəzanın nəticələrinin aradan qaldırılmasına 180 milyard dollar lazımdır
Tokio, 27 noyabr, AZƏRTAC
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hesablamalarına görə, “Fukusima-1” atom elektrik stansiyasında (AES) qəzanın nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə kompensasiya ödənilməsi üçün 20 trilyon yen (təqribən 180 milyard dollar) vəsait lazımdır. “Nikkey” qəzetinin noyabrın 27-də dərc olunmuş nömrəsində verilən məlumatda bildirilir ki, nazirliyin yeni hesablaması üç il əvvəlki ilə müqayisədə təqribən iki dəfə çoxdur.
Fəlakət nəticəsində zərərçəkənlərə, o cümlədən yoluxmaya məruz qalan əraziləri tərk etməyə məcbur olan sahibkarlara və turizm şirkətlərinə ödəmələrin ümumi həcmi 8 trilyon yenə (72 milyard dollar) bərabərdir. Bu məbləğə faciədən sonra ödənilmiş vəsait də daxildir. Qalan məbləğin ərimiş nüvə millərinin reaktorlardan çıxarılması, radiasiyaya yoluxmuş torpağın təmizlənməsi, enerji bloklarının yerləşdiyi tikililərin sökülməsi, radioaktiv tullantılar üçün anbarların inşası kimi işlərin görülməsinə sərf olunması nəzərdə tutulur.
Sərf ediləcək vəsaitin bir hissəsi AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkəti tərəfindən ödəniləcək. Bu məqsədlə şirkətə 9 trilyon yen (81 milyard dollar) faizsiz kredit ayrılması nəzərdə tutulur.
Hazırda AES-in üç reaktorunda istifadə edilmiş nüvə millərinin çıxarılmasına hazırlıq işləri aparılır. Həmin reaktorlardakı millər 2014-cü ildə bu əməliyyatın başa çatdırıldığı 4-cü blokdakı millərdən daha çox zərər çəkib. Bundan sonra reaktorların daxilindəki daha təhlükəli ərinmiş yanacağın çıxarılmasına start veriləcək. Şirkətin mütəxəssislərinin bu işə 2025-ci ildə başlayacağı gözlənilir. “Fukusima-1” AES-in tam sökülməsi isə 2040-cı ilə nəzərdə tutulur.
“Fukusima-1” AES-də qəza 2011-ci ilin martında güclü zəlzələdən sonra yaranan sunami nəticəsində baş vermişdi. Həmin vaxt sunaminin vurduğu zərbə enerji bloklarının soyutma sistemini sıradan çıxarmış və bu nüvə yanacağının əriməsinə, qoruyucu korpusun sıradan çıxmasına səbəb olmuşdu.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio