DÜNYA
“Fukusima-1” AES-in üçüncü reaktorunda robot balıq araşdırma aparacaq
Tokio, 19 iyul, AZƏRTAC
Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunda robot balıq araşdırma aparmağa başlayıb. Bu barədə AES-in operatoru “Tokyo Electrik Power Co.” şirkəti məlumat yayıb.
Quruluşuna görə ay balığını xatırladan robotun iyulun 19-da və 21-də reaktorun müdafiə qatında toplanan ərimiş nüvə yanacağını tədqiq edəcəyi bildirilir. AES-in birinci və ikinci reaktorlarından fərqli olaraq, üçüncü reaktorda suyun səviyyəsi 6,4 metrə çatır. Bu, reaktorun dibində tədqiqat prosesini çətinləşdirir.
Robot balığın uzunluğunun 30 santimetr, diametrinin isə 13 santimetr olduğu, kamera və LED lampalarla təchiz edildiyi bildirilir. Elmi tədqiqatdan əvvəl robot bənzər şəraitdə sınaqdan keçirilib. Məsafədən idarə olunan robot reaktorun dibində toplanan qırıntıların arasında hərəkət edəcək.
Bundan əvvəl AES-in birinci və ikinci reaktorlarında robotların köməyi ilə aparılan araşdırmalar müsbət nəticə verməyib. Suyun dibindəki çoxsaylı qırıntılar onların sıradan çıxması ilə nəticələnib. Reaktorların dibində mövcud olan çox yüksək radiasiya da robotların sıradan çıxmasına səbəb kimi göstərilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio