İDMAN
“Fulhem”in keçmiş oyunçusu 4 il həbs cəzasına məhkum edilib
İngiltərənin “Fulhem” komandasının keçmiş futbolçusu, özünü “Çelsi” komandasının məşhur oyunçusu fransız Qael Kakuta kimi qələmə vermiş Medi Abalimba bu əməlinə görə 4 il həbs cəzasına məhkum edilib. AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, Mançestr məhkəməsi Abalimbanı dələduzluqda təqsirli hesab edib.
Abalimba hazırda İspaniyanın “Rayo Valyekano” komandasının heyətində müqavilə üzrə oynayan fransalı yarımmüdafiəçiyə zahiri oxşarlığından istifadə edərək müxtəlif maliyyə fırıldaqları ilə məşğul olurmuş.
Futbol karyerası uğursuz olan 25 yaşlı Abalimba əvvəllər özünü Kakutanın agenti kimi təqdim edərək bu məşhur futbolçunun gəlişi üçün apartamentlər hazırlamaqla məşğul olmuş, sonra isə tamamilə həmin rola girmişdi.
Medi bu yolla başqasının hesabına bahalı mehmanxana nömrələrində yaşayır, “Bentley” limuzinində gəzirdi, hətta icarəyə helikopter götürmüşdü. Bir dəfə o, özünü Premyer-Liqanın keçmiş ulduzu və çox varlı bir adam kimi qələmə verərək 25 min funt sterlinq dəyərində şampan şərabı sifariş etmişdi.
Abalimba bahalı butiklərin birində 20 min funtluq paltar almağa cəhd göstərərkən ifşa edilib.
Hakimlər bu futbolçunun əməllərindən dəymiş zərərin ümumi məbləğinin 260 min dollardan çox olmasını söyləyiblər.
Abalimba dələduzluğa başlamazdan əvvəl İngiltərənin “Derbi”, “Oldhem”, “Fuhem” və “Kristal Peles” klublarında çıxış edirdi.