İDMAN
Futbol üzrə 2015/16-cı illər mövsümündə Çempionlar Liqasının final matçı “San-Siro” stadionunda keçiriləcək
AZƏRTAC xəbər verir ki, UEFA nümayəndələri bunu Nyonda keçirilən mətbuat konfransında elan ediblər.
“San-Siro” stadionu həm də “Cüzeppe Meattsa” adı ilə məşhurdur. 80 min tamaşaçı tutan Milan arenası artıq dördüncü dəfə turnirin final matçına ev sahibliyi edəcək. Bu stadionda əvvəlki final matçları 1965-ci, 1970-ci və 2001-ci illərdə keçirilib.
Ümumiyyətlə İtaliya üçün bu, Avropa kuboklarının doqquzuncu finalı olacaqdır.
2015-2016-cı illər mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi yer də məlum olub. Turnirin baş mükafatı uğrunda mübarizə Bazeldəki “San-Yakob Park” stadionunda keçiriləcək. Həlledici oyunu “Bazel” futbol klubunun arenasında keçirmək barədə qərar sentyabrın 19-da UEFA-nın Nyondakı qərargahında bu təşkilatın icraiyyə komitəsinin iclası başa çatandan sonra mətbuat konfransında elan edilib.
UEFA Kuboklar Kubokunun finalı indiyədək dörd dəfə Bazeldə keçirilib. İsveçrədə ən iri stadion olan “Sankt-Yakob Park” 38,5 min tamaşaçı tutur.
2016-cı ildə UEFA superkuboku uğrunda matç avqustun 19-da Norveçin Tronheym şəhərində keçiriləcək. Bu matçda Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaq.
Cari Avropa Liqası oyunlarının final matçı 2015-ci il mayın 27-də Varşavadakı Milli stadionda keçiriləcək.