İDMAN


Futbol üzrə Avropa çempionatının dörd oyununun Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun (üç qrup və bir dörddəbir final oyunu) Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti, Avropa çempionatının dörd oyununun Bakıda keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri Rövnəq Abdullayev isə sədr müavini təyin olunublar. Təşkilat Komitəsinə müvafiq dövlət və hökumət qurumlarının, Milli Olimpiya Komitəsinin rəhbərləri və üzvləri, aidiyyəti idman qurumlarının nümayəndələri daxildir.

Avropa çempionatının dörd oyununun Bakıda keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması AFFA-ya həvalə edilib. AFFA-ya 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun Bakıda keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim və zəruri məsələləri həll etmək tapşırılıb.

Sərəncamda 2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun (üç qrup və bir dörddəbir final oyunu) Bakıda keçirilməsi haqqında qərar qəbul etməsinin əlamətdar hadisə olduğu diqqətə çatdırılıb. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan qitə çempionatının dörd oyununun keçirilməsinin Bakıya həvalə edilməsinin ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisi olduğu vurğulanıb.

Sənəddə qeyd olunub ki, bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.