İDMAN
Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final qarşılaşmaları oynanılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin qarşılaşmaları oynanılıb.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Qəbələ” komandası doğma meydanda “AZAL” klubunu qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matçın 37-ci dəqiqəsində qonaqların heyətində Mizəağa Hüseynpur hesabı açıb. Lakin ikinci hissədə üstün oyun nümayiş etdirən ev sahibləri 61-ci dəqiqədə Filip Ozobiçin, 74-cü dəqiqədə isə Ruslan Qurbanovun qolları ilə görüşdə 2:1 hesablı qələbə qazanıblar.
Digər görüşdə isə “İnter” komandası “Kəpəz” klubunu 2:0 hesabı ilə məğlub edib. Paytaxt klubunun heyətində 58-ci dəqiqədə Rauf Əliyev və 61-ci dəqiqədə Nizami Hacıyev fərqləniblər.
“Zirə”-“Neftçi” qarşılaşmasında qonaqlar Jonas Pesallinin het-triki (44, 58 və 63) sayəsində qalib gəliblər - 3:0.
Dörddəbir final mərhələsinin sonuncu qarşılaşmasında “Qarabağ” komandası “Sumqayıt”ın qapısından altı cavabsız top keçirib. Ağdamlıların heyətində Riçard Almeyda (25), Dino Ndlovu (34), Coşqun Diniyev (40), Mahir Mədətov (64 və 78) və Namiq Ələsgərov (67) adlarını tabloya yazdırıblar.
Dörddəbir final mərhələsinin cavab görüşləri dekabrın 21-d oynanılacaq.