İDMAN


Futbol üzrə Azərbaycan millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb

Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığmasının qapısından iki cavabsız top keçirib

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “A” qrupunda yer alan Azərbaycan millisi “Bayıl Arena”da Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. İlk oyunda Kamerun yığması ilə heç-heçə (0:0) edən millimiz bu görüşdə qələbə qazanmaqla azarkeşləri sevindirmək arzusunda idi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.

Qrupun digər oyununda Kamerun və Mərakeş futbolçuları üz-üzə gəliblər. “Bayıl Arena”da təşkil olunan oyunda hesab açılmayıb.

İki turdan sonra hesabında 4 xal olan Azərbaycan və Mərakeş milliləri turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Kamerun 2 xalla üçüncü, hesabında xal olmayan Səudiyyə Ərəbistanı isə sonuncudur.

“B” qrupunda əvvəlcə Türkiyə və Oman yığmaları qarşılaşıblar. “AZAL Arena”da keçirilən görüşün 27-ci dəqiqəsində türkiyəli Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə yığmasının 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.

Digər matç “AZAL Arena”da Fələstin və Əlcəzair yığmaları arasında oynanılıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Görüşdə yeganə qol oyunun 63-cü dəqiqəsində qeydə alınıb. Fələstin millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fərid Əl-Məlali Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib – 1:0.

İki turdan sonra hesabında 6 xal olan Əlcəzair millisi turnir cədvəlinin birinci pilləsində yer alıb. Oman 4 xalla ikinci, Fələstin isə 1 xalla üçüncüdür. Türkiyə millisinin hesabında xal yoxdur.

IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinə mayın 15-də yekun vurulacaq. Həmin gün “A” qrupunda Mərakeş-Azərbaycan, Kamerun-Səudiyyə Ərəbistanı, “B” qrupunda isə Oman-Əlcəzair və Türkiyə-Fələstin qarşılaşmaları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.