İDMAN
Futbol üzrə “Coca-Cola School Cup” məktəbli turnirinin qalibləri müəyyən olunub
Bakı, 26 may, AZƏRTAC
Bakıda, “Abu Arena” idman kompleksində futbol üzrə 2015/2016-ci illər mövsümü “Coca-Cola School Cup” məktəbli turnirinin finalı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə beşinci dəfə keçirilən bu illik yarışın təşəbbüsçüsü “Coca-Cola” şirkəti ilə yanaşı, Təhsil Nazirliyi və AFFA-dır.
Finala çıxmaq uğrunda 14 regional və Bakını təmsil edən 2 komanda mübarizə aparıb. Turnirin əsas mükafatını qazanmaq üçün son görüşdə Ağstafa rayonunun 2 saylı və Mingəçevir rayonunun 10 saylı məktəb komandaları mübarizə aparıb. Mingəçevirlilər 6:0 hesabı ilə qalib gəlib. Məktəblilər kubok, medal və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, hər il bu turnirdə VII-IX sinifləri təmsil edən təxminən 200 min şagird iştirak edir. Ümumiyyətlə, son 5 ildə bu yarışa 1 milyondan çox məktəbli cəlb olunub. Ötən il turnirin qalibi olan paytaxtın Səbail rayonunun 163 saylı məktəbinin komandası “EURO FOOT Jeunes” Avropa çempionatında Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, bu çempionat mayın 29-dan iyunun 6-dək Fransada keçiriləcək.