İDMAN
Futbol üzrə Slovakiya millisi “Avro-2016”nın final mərhələsinə yüksəlib
Bakı, 13 oktyabr, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın final mərhələsinə yüksələn daha bir milli komanda müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan Slovakiya yığması seçmə mərhələnin sonuncu turunda Lüksemburq millisini 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Bu qrupda İspaniya millisi də qrup birincisi olaraq final mərhələsinə yüksəlmişdi. Qeyd edək ki, Çexoslovakiya millisi 1976-cı ildə Avropa çempionatının qalibi olan zaman kollektivin tərkibində Çexiya və Slovakiya futbolçuları mübarizə aparıblar.
“C” qrupunda Ukrayna millisi İspaniya millisini qəbul edib və 0:1 hesabı ilə uduzub. Buna baxmayaraq, Ukrayna millisi pley-off mərhələsində mübarizə aparacaq. Minskdə təşkil olunan Belarus–Makedoniya matçında isə hesab açılmayıb.
“E” qrupunda İngiltərə səfərdə Litva yığmasını 3:0, İsveçrə kollektivi Estoniyanı 1:0, Sloveniya isə San-Marino millisini 2:0 hesabı ilə məğlub edib. Bu qrupda İngiltərə və İsveçrə final mərhələsinə vəsiqə qazanıb. Sloveniya isə pley-off mərhələsində mübarizə aparacaq.
Turnirin “G” qrupu çərçivəsində keçirilən görüşlərdə meydan sahibləri qələbə qazanıb: Avstriya–Lixtenşteyn (3:0), Rusiya–Monteneqro (2:0) və İsveç–Moldova (2:0). Bu qrupdan isə Avstriya, Rusiya final mərhələsində, İsveç isə pley-off görüşlərində yarışacaq.