İDMAN
Futbol üzrə Türkiyə və Rusiya milliləri 18 ildən sonra yoldaşlıq oyununda qarşılaşacaq
Bakı, 31 avqust, AZƏRTAC
Futbol üzrə Türkiyə və Rusiya milli komandaları avqustun 31-də Antalyada yoldaşlıq oyununda qarşılaşacaqlar.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə və Rusiya yığmaları indiyədək iki dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 1994-cü il aprelin 20-də Bursada təşkil edilən matçda Rusiya millisi 1:0 hesabı ilə qələbə qazanıb. Dörd il sonra aprelin 22-də Moskvada keçirilən görüşdə də Rusiya eyni hesabla qalib gəlib. Türkiyə millisi üçüncü görüşdə ilk dəfə qalib gəlməyi hədəfləyir.
Türkiyə futbolçularının keçmiş SSRİ yığması ilə keçirdiyi görüşlər də rəqibin üstünlüyü ilə başa çatıb. Belə ki, türklər 15 matçın 12-də məğlub olub, yalnız üç oyunda qalib gəliblər. Bu oyunlarda sadəcə 8 qol vura bilən qardaş ölkə millisi öz qapısında 30 top görüb.
Türkiyə yığmasının Rusiya ilə yoldaşlıq matçı və dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Xorvatiya ilə oyunu üçün heyəti müəyyənləşib. Baş məşqçi Fatih Terim millinin əsas heyətinə Avropa çempionatında iştirak etmiş kapitan, barselonalı Arda Turan, eləcə də Burak Yılmaz, Caner Erkin, Gökhan Gönül, Selçuk İnan, Semih Kaya və Hakan Baltanı daxil etməyib. Onların əvəzinə əksəriyyəti gənc olan 12 perspektivli futbolçu milli komandaya dəvət olunub.
Antalya stadionunda Türkiyə vaxtı ilə saat 21:15-də başlayacaq oyunu sloveniyalı Damir Skominanın rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək.