İDMAN
Futbol üzrə dünya çempionatının daha bir dörddəbir finalçısı müəyyənləşmişdir VİDEO
Bakı, 30 iyun (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Recife şəhərindəki “Pernambuco” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Kosta-Rika və Yunanıstan milli komandaları qarşılaşmışlar.
Kosta-Rika millisinin heyətində meydana Keylor Navas, Giancarlo Qonzales, Miçael Umana, Celos Borges, Oskar Duarte, Kristian Bolanos, Joel Kampell, Brayn Ruiz, Junior Diaz, Kristian Gamboa və Yeltsin Tejeda çıxmışlar.
Yunanıstan millisinin ilk on birliyinində Orestis Karnezis, İonnis Maniatis, Konstantinos Manolas, Georgis Samaras, Georgis Karagounis, Dimitrios Salpingidis, Vasileios Torosidis, Lazaros Kristodoulopoulus, Sokratis Papastathopoulos, Jose Çolevas və Andreas Samaras yer almışlar.
Avstraliyalı baş hakim Benjamin Villiams idarə etdiyi oyunun ilk hissəsində hesab açılmamışdır. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Brayn Ruiz fərqlənmişdir. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşmişdir – 1:1.
Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılmışdır. Əlavə vaxtda da qapılara top vurulmamışdır. Qalib penalti seriyasında müəyyənləşmişdir. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəlmiş və dörddəbir finala yüksəlmişdir.
Növbəti mərhələdə Kosta-Rika millisi Hollandiya yığması ilə qarşılaşacaqdır. Oyun iyulun 5-də keçiriləcəkdir.