İDMAN
Futbol üzrə dünya çempionatının finalında Argentina və Almaniya yığmaları qarşılaşacaqlar VİDEO
Bakı, 10 iyul (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 9-da San Paulu şəhərində mundialin yarımfinal mərhələsi çərçivəsində Argentina və Hollandiya milli komandaları qarşılaşmışlar.
Bu il istifadəyə verilmiş və 62 min 601 azarkeş tutumuna malik “Arena de Sao Paulo”da keçirilən oyunun əsas vaxtında hesab açılmamışdır. Qalibi müəyyənləşdirmək üçün oynanılan əlavə vaxtda da qapılara top vurulmamışdır.
Türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda qalib penalti seriyasında müəyyənləşmişdir. Rəqibini 4:2 hesabı ilə məğlub edən Argentina kollektivi dünya çempionatının finalına vəsiqə qazanmışdır.
Həlledici görüş iyulun 13-də Argentina və Almaniya yığmaları arasında keçiriləcəkdir. Üçüncü yer uğrunda isə Braziliya və Hollandiya komandaları iyulun 12-də üz-üzə gələcəklər.
Bugünkü görüşlə Argentina millisinin futbolçusu Leonel Messi yeni rekord müəyyənləşdirmişdir. Milli komandasında 92-ci dəfə meydana çıxan Messi bu nəticə ilə əfsanəvi futbolçu Dieqo Maradonanı qabaqlamışdır.