REGİONLAR
Futbol üzrə muxtar respublika çempionatı başa çatıb
Naxçıvan, 29 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sentyabr ayının sonlarında start götürən və 10 komandanın ikidövrəli mübarizə apardığı çempionatın qalibi “Araz-Naxçıvan” futbol komandası olub. “Qırmızı-ağlar” mövsümün ilk görüşündə Naxçıvan Dövlət Universitetinin komandasına uduzsalar da, bu, onların il ərzində ilk və tək məğlubiyyətləri olub. Keçirdikləri 18 oyunun 16-da meydanı 3 xalla tərk edən “Araz-Naxçıvan” bir görüşdə “sülh”ə imza atıb.
“Araz-Naxçıvan”ı mövsüm ərzində “DİN Darıdağ” futbol komandası izləsə də, sonda həmin komanda rəqiblərindən 6 xal geridə qalaraq, mövsümü ikinci pillədə başa vurub.
Naxçıvan Dövlət Universitetinin komandası çempionata iddialı başlasa da, sonradan üzləşdiyi məğlubiyyətlər onu liderlikdən uzaqlaşdırıb. Xüsusilə mövsüm ərzində keçirilən hər iki görüşdə “DİN Darıdağ” komandasına, gözlənilmədən “Batabat” və “Arpaçay” komandalarına minimal hesablı məğlubiyyətlər tələbələri çempionatın yalnız üçüncüsü edə bilib.
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının 2015-2016-cı il mövsümünün ən məhsuldar futbolçusu adını “DİN Darıdağ” komandasının hücumçusu Mahir Babayev qazanıb. O, mövsüm ərzində rəqib qapılarından 15 top keçirib. İkinci və üçüncü pillələrdə isə “Araz-Naxçıvan”ın hücumçuları – Tağı Seyidov və Samir Kərimov qərarlaşıblar. Onların hər ikisi 12 qol vurub.