İDMAN


Futzal üzrə “Avro-2018”in püşkatma mərasimində millimiz birinci səbətdə yer alacaq

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

2018-ci ildə təşkil ediləcək futzal üzrə Avropa çempionatı rekordla əlamətdar olacaq.

AZƏRTAC xəbər verir ki, yarışda ilk dəfə 48 komanda mübarizə aparacaq. Bunlardan ikisi tarixində ilk dəfə Avropa çempionatında qüvvəsini sınayacaq. Yarışın debütantları futbol nəhəngi Almaniya və quruma yeni üzv olan Kosovodur.

UEFA artıq oktyabrın 12-də baş tutacaq püşkatmanın detallarını da açıqlayıb. 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Lyublyanada keçiriləcək final mərhələsinə meydan sahibi Sloveniya birbaşa qatılacaq. Digər 47 komanda ilkin və əsas seçmə mərhələlərində çıxış edəcək.

2017-ci il yanvarın 23-dən fevralın 1-dək ilkin seçmə oyunları baş tutacaq. Yeddi qrupdan 5-də 4, 2-də 3 komanda qüvvəsini sınayacaq. Bolqarıstan, Kipr, Gürcüstan, Cəbəllütariq, Latviya, Litva və Uels bu mərhələdə ev sahibləri olacaq.

Gələn il aprelin 3-12-də keçiriləcək əsas mərhələyə yalnız 7 qrup qalibi yüksələcək. Onlar birbaşa əsas seçmə mərhələyə qatılan 21 komandaya qoşulacaq. Burada hərəsində 4 komanda olmaqla 7 qrup formalaşacaq. Azərbaycan, Belarus, Qazaxıstan, Polşa, Rumıniya, Türkiyə və Ukrayna ev sahibi kimi meydana çıxacaq.

Yeddi qrup qalibi Sloveniyaya vəsiqə əldə edəcək. İkinci yer sahibləri və ən yaxşı qrup üçüncüsü pley-offda 4 cütlük təşkil edəcək. Bu qarşılaşmalar sentyabrın 10-13-də və 24-27-də baş tutacaq.

Artıq hər iki mərhələnin püşkatması üçün təxmini səbətlər bəllidir. Onların tərkibi 2016-cı il dünya çempionatının final mərhələsindən sonra təsdiqlənəcək. Lakin indiki duruma əsasən Azərbaycan millisi birinci səbətdə yer alıb. Yarışa əsas seçmə mərhələdən başlayacaq yığmamız meydan sahibi kimi iştirak edəcəyi turnirdə nisbətən zəif səbətlərin komandaları ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.