İDMAN
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Bakı, 3 iyul, AZƏRTAC
Futzal üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma tədbirdə təsnifat və əsas mərhələnin iştirakçıları qruplara bölünüb.
AZƏRTAC xəbər verir ki, gələn il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək final mərhələsində 7 vəsiqəyə iddia edən 45 Avropa təmsilçisi üç mərhələdə qüvvəsini sınayacaq. Azərbaycan millisi 23 komandanın 6 qrupda çıxış edəcəyi təsnifat mərhələsinə qatılmadan birbaşa növbəti mərhələdən mübarizəyə qoşulacaq.
Yalnız qrup qaliblərinin vəsiqə qazandıqları növbəti mərhələyə 22 komanda birbaşa qatılacaq. Buna görə də 28 yığma komanda yeddi qrupa bölünüb.
Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız ikinci qrupda çıxış edəcək. Təmsilçilərimiz meydan sahibləri - Xorvatiya, həmçinin Belarus, İsveç, Yunanıstan, Monteneqro, San-Marinonun yer aldığı ilkin seçmə mərhələnin “B” qrupunun qalibi ilə matçlarda qüvvəsini sınayacaq.
Təsnifat mərhələsi bu il oktyabrın 22-25-də, əsas mərhələ dekabrın 10-13-də keçiriləcək. Hər qrupdan iki komandanın yüksələcəyi pley-off mərhələsindəki görüşlər isə gələn il martın 22-də və aprelin 12-də nəzərdə tutulub.