REGİONLAR


Füzuli, Beyləqan və Cəbrayıl rayonlarından olan gənclər hərbi xidmətə yola salınıblar

Füzuli, 12 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan və Cəbrayıl rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Yusif Mirzəyev son illərdə ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışaqədərki hazırlığın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, müharibə veteranları və valideynlər gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, hərbi xidmətdə müvəffəqiyyətlər arzulayıblar.

Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını deyərək, ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib. Horadiz şəhər məktəblilərinin ifasında kompozisiya təqdim olunub.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.