REGİONLAR
Füzuli: ali məktəblərə daxil olan şagirdlərin sayı ildən-ilə artmaqdadır
Horadiz, 3 sentyabr, AZƏRTAC
Bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. Məzunlardan 316 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 130 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 29 nəfəri 500-600 arası, 21 nəfəri isə 600-dən çox bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Horadiz şəhərində ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanan gəncləri təbrik edib, ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlardan, qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən-ilə artmaqdadır.
Çıxış edən gənclər və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, sevinclərini bölüşüblər.
Sonra yüksək balla ali məktəblərə qəbul olan gənclərə hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.