REGİONLAR
Füzuli: bu il də 100 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır
Füzuli, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən müşavirədə Füzuli rayonunda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunması məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin, kənd təsərrüfatı mütəxəssislərinin iştirak etdiyi müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, rayonda aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması, torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsindən danışıb. Bildirib ki, kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə olunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyevin torpaqlardan maksimum səmərəli istifadə edilməsi, məhsul bolluğu yaradılması, yerli istehsalın artırılması ilə bağlı tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır. Rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan torpaq sahələrində 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700 hektar sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün aqroparkın istifadəsinə verilib.
Diqqətə çatdırılıb ki, rayonda taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafı diqqət mərkəzindədir. 2016-2017-ci təsərrüfat ilində 36 min 82 hektar ərazidə taxıl əkini aparılıb. Hazırda taxıl sahələrində biçin davam etdirilir. Rayonda bu il də 100 min tondan artıq taxıl istehsal olunacağı proqnozlaşdırılır. Cari ildə rayonda 2050 hektar sahədə pambıq əkilib. Rayonun kümçüləri 25 tondan çox barama tədarük ediblər.
Müşavirədə rayonda hələ də bəzi torpaq icarədarlarının torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmədiyi qeyd olunub. Torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması, bu sahədə mövcud qanunsuzluqların araşdırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.