CƏMİYYƏT
Füzuli ictimaiyyətinin nümayəndələri cəbhə xəttində xidmət edən əsgərlərlə görüşmüşlərVİDEO
Füzuli, 26 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Füzuli rayon ictimaiyyətinin nümayəndələri Silahlı Qüvvələr Günü münasibətilə cəbhə xəttində xidmət edən əsgər və zabitlərlə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əsgərlərin xidmət və məişət şəraiti ilə tanış olmuş, onlarla səmimi söhbətlər aparmış, Vətənin keşikçilərinə bayram sovqatı çatdırmışlar. Xidmətdə fərqlənən əsgərlərə xüsusi hədiyyələr təqdim olunmuşdur.
Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edənlər bayram münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində böyük irəliləyiş və inkişaf baş vermiş, ölkədə nizami ordu yaradılmışdır. 1993-cü ilin sonlarında Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısı alınmış, Azərbaycan ordusu əks-hücuma keçərək, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini işğaldan azad etmişdir.
Çıxışlarda əminliklə bildirilmişdir ki, Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad edilməsində öz qəti sözünü deyəcək və üçrəngli bayrağımız yenidən doğma Qarabağımızda dalğalanacaqdır.
Hərbiçilər qonaqlara minnətdarlığını bildirmiş, bu cür tədbirlərin düşmənlə üz-üzə səngərdə xidmət edən əsgərlərin ruh yüksəkliyinin artmasında böyük rol oynadığını vurğulamışlar.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etmişdir.