REGİONLAR
Füzuli: iri toxumçuluq və fermer təsərrüfatları yaradılır
Füzuli, 12 may, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla, həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlət başçısının tapşırıqlarına və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, rayon ərazisində hər biri 1000 hektar olmaqla 4 iri fermer təsərrüfatı, 10 hektar ərazidə istixana kompleksi yaradılıb. 2700 hektar sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün aqroparkın istifadəsinə verilib. 500 hektar ərazidə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 hektar sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır. Ümumilikdə, 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar sahədə taxıl səpini həyata keçirilib ki, bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Rayonda istehsal olunacaq ərzaq buğdasının Dövlət Taxıl Fonduna tədarük edilməsi nəzərdə tutulur.
Dövlət başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi barədə tapşırıqlarına uyğun olaraq, bu il rayonda 2050 hektar sahədə çiyid səpilib. Rayonun fermerləri pambığı “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC və “Füzuli Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərirlər. Pambığın becərilməsi və məhsulun yığılması işlərinə 3 mindən çox rayon sakini cəlb ediləcək.
Füzuli rayonunda digər ənənəvi təsərrüfat sahəsi olan baramaçılığın da inkişafı diqqət mərkəzindədir. Artıq 236 kümçüyə 730 qutu (13 min 870 qram) ipəkqurdu toxumu paylanılıb. Baramaçılığın gəlirli sahə olması sakinlərin bu sahəyə marağını artırır. Rayonda bu il 35 tona yaxın yaş barama istehsalı proqnozlaşdırılır.
Rayonda sakinlərin həyətyanı və pay torpaqlarından səmərəli istifadə etməsi, kənd təsərrüfatı məhsullarına olan tələbatlarının özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödənilməsi ilə bağlı məsələlər də öz həllini tapıb. Belə ki, 500 hektara yaxın sahədə şəkər çuğunduru, 170 hektarda kartof əkini həyata keçirilib, bostan-tərəvəz məhsullarının istehsalı üçün əkin işləri aparılıb.
Füzuli rayonunda heyvandarlığın inkişaf etdirilməsi, əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi üçün də tədbirlər görülür.