İQTİSADİYYAT


Füzuli meydanı ətrafında yol infrastrukturunda mühüm dəyişikliklər ediləcək

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Paytaxtın Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd olunub ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işləri ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən aparılır.

Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, Füzuli meydanının qarşısındakı dairə ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub.

Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobuslarının hərəkəti üçün xüsusi zolaq ayrılacaq.

Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də olacaq. Belə ki, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq və onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Avtonəqliyyat vasitələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkət edə biləcəklər.

Hərəkətin normal təşkili üçün Nəriman Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət isə Abdulla Şaiq küçəsi vasitəsilə təmin ediləcək. Sözügedən ərazidə dəyişikliklər həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də Nəriman Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq.

Həmin ərazilərdə aparılan yenidənqurma işləri hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə və tıxacların aradan qaldırılmasına hesablanıb.

Məlumata əsasən, Füzuli meydanının ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması çərçivəsində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov prospektində aparılır.

Yenidənqurma işləri çərçivəsində əvvəllər 5-8 metr enində olan küçələr 2-3 metr enində səkilər də nəzərə alınaraq 15-23 metrə qədər genişləndiriləcək, müasir işıqlandırma sistemləri quraşdırılacaq, eləcə də ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik tikiləcək və müasir avtobus dayanacaqları qurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.