REGİONLAR
Füzuli rayon ictimaiyyəti cəbhənin ön xəttində əsgər və zabitlərlə görüşüb
Füzuli, 21 mart, AZƏRTAC
Füzuli rayon ictimaiyyəti Novruz bayramı münasibətilə cəbhənin ön xəttindəki əsgər və zabitlərlə görüşüb, onların xidməti, məişət şəraiti ilə maraqlanıb, bayram sovqatı çatdırıblar.
AZƏRTAC xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin rəhbərliyinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ərazidəki N saylı hərbi hissədə Novruz şənliyi keçirilib. Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara Vətənimizin müdafiəsində müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, hər bir azərbaycanlının ən böyük arzusu üçrəngli, ay-ulduzlu bayrağımızın doğma Qarabağımızda dalğalanmasıdır.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilən, möhkəm nizam-intizama, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdığı bildirilib və hazırda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inam hissi ifadə olunub.
Çıxış edən hərbçilər bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb və Füzuli rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində rayonun mədəniyyət işçilərinin, Füzuli Dövlət Dram Teatrının kollektivinin iştirakı ilə bədii proqram təqdim olunub.