REGİONLAR
Füzuli rayonunda 100 minədək ağac və dekorativ kol əkilib
Füzuli, 26 iyul, AZƏRTAC
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilən abadlıq-quruculuq, yaşıllaşdırma işləri nəticəsində yaşayış məntəqələri gözəlləşib, sosial infrastruktur müasirləşib. Horadiz şəhərində, kənd və qəsəbələrdə əkilən minlərlə ağac və gül kolları, aparılan təmizlik-abadlıq işləri bu yerlərin ümumi görkəmini dəyişib. Artıq rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin, səliqə-sahmanın şahidi olurlar.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, son illər rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə 100 minədək müxtəlif növ ağac və dekorativ kol, o cümlədən 20 mindən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10 min Eldar şamı və s. əkilib. Ağaclara və yaşıllıq zolaqlarına mütəmadi qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.
Rayonda yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi daim diqqət mərkəzində saxlanılır.