REGİONLAR
Füzuli rayonunda bələdiyyə seçkilərində səs verəcək seçicilərdən 3 nəfərinin yaşı 100-dən yuxarıdır
Füzuli, 19 dekabr, AZƏRTAC
Füzuli rayonunda bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb.
84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının (DSK) sədri Ramiz Teymurov AZƏRTAC-a bildirib ki, rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 21 bələdiyyəyə 187 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Qeydə alınan 464 namizəddən 140 nəfəri qadınlar, 137 nəfəri yaşı 30-dək olan gənclərdir. Seçki dairəsində seçicilərin ümumi sayı 29 min 311 nəfərdir. Onlardan 690 nəfəri seçkidə ilk dəfə iştirak edəcəkdir. Seçicilərdən 3 nəfərinin yaşı 100-dən yuxarıdır.
DSK sədri deyib ki, seçkilərin keçiriləcəyi 43 seçki məntəqəsinin hamısı səsverməyə tam hazırdır. Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun olaraq bütün məntəqə seçki komissiyalarına zəruri texnika və əyani vasitələr, metodiki vəsaitlər verilib. Texniki hazırlıq işləri başa çatdırılıb, məntəqələr telefon rabitəsi, elektrik enerjisi və yanğından mühafizə vasitələri, ultrabənövşəyi lampa və yanmayan seyflə təmin olunub. Səsvermənin gedişini izləmək üçün 7 məntəqədə veb-kamera quraşdırılıb.
MSK tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədilə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib, seçkiqabağı təşviqatın aparılması üçün namizədlərə hər cür şərait yaradılıb.
Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb. Seçkilərin gedişini 228 müşahidəçi izləyəcəkdir.