REGİONLAR


Füzuli rayonunda dörd iri taxılçılıq təsərrüfatı yaradılıb

A+ A

Füzuli, 19 oktyabr, AZƏRTAC

Füzuli rayonunda cari ilin məhsulu üçün 35 min 818 hektar taxıl sahəsindən 121 min tondan artıq məhsul tədarük edilib. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda bu il hər biri 1000 hektar sahəni əhatə edən 4 iri taxılçılıq təsərrüfatı yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Füzuli Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin hesabat məruzəsində bildirilib ki, uzun fasilədən sonra ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsinə başlanılıb. Bu il rayonda 505 hektarda pambıq becərilib, 3 tondan artıq barama istehsal edilib. Gələn il pambıq tarlalarının 1500 hektara, barama istehsalının isə 30 tona çatdırılması nəzərdə tutulur.

Yığıncaqda bildirilib ki, hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb, tikinti-quruculuq işləri davam etdirilib. Statistika və Kənd Təsərrüfatı İdarələri üçün inzibati binalar, Əhmədbəyli kəndində 30 çarpayılıq xəstəxana tikilərək istifadəyə verilib. Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi yenidən qurulub. Rəsm Qalereyasının və Avtovağzal Kompleksinin tikintisi başa çatıb. Rayon ərazisində məcburi köçkünlər üçün 400 ailəlik yeni qəsəbə salınıb. Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı bazarının, Horadizdə müasir istixana kompleksinin tikintisi davam etdirilir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman, xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.