REGİONLAR


Füzuli rayonunda pambıq sahələrinin 1500 hektara, barama istehsalının isə 30 tona çatdırılması planlaşdırılır

A+ A

Füzuli, 13 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən ümumrayon müşavirəsində Füzuli rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı işlərinin gedişi məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin, sahibkarların, kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirak etdiyi toplantıda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, dövlətimizin başçısının aqrar sahənin inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, torpaq sahələrindən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, həyətyanı və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı konkret işlər görülür.

Diqqətə çatdırılıb ki, rayonda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Cari ilin məhsulu üçün 35 min 818 hektarda taxıl yetişdirilib və rayon tarixində ilk dəfə olaraq 120 min 337 ton taxıl tədarük edilib. Dövlət başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq cari ildə rayonda 505 hektar sahədə pambıq əkilib. Növbəti ildə isə bu rəqəmin 1500 hektara çatdırılması nəzərdə tutulur. Bu il uzun fasilədən sonra rayonda baramaçılığın inkişafına başlanılıb və 3 tondan artıq barama istehsal olunub. Növbəti ildə bu rəqəmin 30 tona çatdırılması planlaşdırılır. Bunun üçün hazırlıq işlərinə başlanılıb. Rayonun kəndləri üzrə kümçülər müəyyənləşdirilib, tut ağacları budanıb. Payızda əlavə olaraq 30 min ədəd tut ağacının əkilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, rayon sakinləri həyətyanı və pay torpaqlarından səmərəli istifadə edərək, özlərinin kənd təsərrüfatı məhsullarına, o cümlədən heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatlarını yerli istehsal hesabına ödəyirlər. Kəndlilər istehsal etdiyi artıq məhsulları daxili bazarlarla yanaşı, respublikanın digər şəhər və rayonlarındakı bazarlara da çıxararaq, ölkədə ərzaq bolluğu yaradılmasına öz töhfələrini verirlər.

Vurğulanıb ki, rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları üçün Zobucuq qəsəbəsi ərazisində bazarın tikintisi başa çatmaq üzrədir. Horadiz şəhərində 10 hektar ərazidə istixana kompleksinin inşasına başlanılıb. Haramı ərazisində 4 min hektar sahədə iri taxılçılıq təsərrüfatının və 10 hektar ərazidə sənaye məhəlləsinin yaradılması üçün hazırlıq işləri görülür. Sənaye məhəlləsini xammalla təmin edəcək 2700 hektar sahə müəyyənləşdirilib. Burada soya, qarğıdalı, pambıq və digər bitkilər becəriləcək.

Müşavirədə əhalinin elektrik enerjisi, qaz, içməli və təsərrüfat suyu ilə təminatı, sosial problemlərinin həlli, yol infrastrukturunun yaxşılaşdırılması, səhiyyənin, təhsilin, sahibkarlığın inkişafı, süni qiymət artımının qarşısının alınması məsələləri də müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.