CƏMİYYƏT
Füzuli rayonunda tank mərmisi aşkarlanıb VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 22-də Füzuli rayonunun Alıxanlı kəndində əkin sahəsində bir təhlükəli əraziyə baxış keçiriblər. Bir partlamamış hərbi sursat - 125 millimetrlik “OF-26” tank mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 300 kvadratmetrlik ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən sentyabrın 22-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3482 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.