REGİONLAR
Füzuli rayonunda torpaqların təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib
Füzuli, 1 sentyabr, AZƏRTAC
Füzuli rayonunda torpaqların təyinatına uyğun istifadə olunmasına nəzarət gücləndirilib. Rayonda bu sahədə mütəmadi olaraq monitorinqlər aparılır, qanunvericiliyin tələblərinin qorunması araşdırılır və müvafiq tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, işğaldan azad olunmuş ərazilərdə torpaqların təyinatına uyğun istifadə olunması üçün rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti qurumların, bələdiyyələrin iştirakı ilə geniş müşavirə keçirilib. Müşavirədə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun istifadə olunması məsələləri ətraflı müzakirə edilib.
Bundan başqa, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, bələdiyyələrin, yerli icra nümayəndələrinin və aidiyyəti qurumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilib. Görüşlərdə onlara torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, verginin ödənilməsi, torpaq sahəsinin təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin miqdarı izah olunub, bu sahədə maarifləndirmə işi aparılıb.