REGİONLAR
Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayrılıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də “Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılıb.