REGİONLAR
Füzuli rayonunun daha iki qəsəbəsinə təbii qaz verilib
Füzuli, 25 aprel, AZƏRTAC
Füzuli rayonunun yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir. Aprelin 25-də Füzuli rayonunun Qayıdış-10 və Qayıdış-11 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və qəsəbə sakinləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev sakinləri qəsəbələrə təbii qazın verilməsi münasibətilə təbrik edib, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən tədbirdən danışıb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Məlumat verilib ki, 205 abonenti olan Qayıdış-10 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6767 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzllərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qayıdış-11 qəsəbəsində birpilləli sistem əsasında 6544 metr müxtəlif diametrli qaz xətləri çəkilib, 202 mənzil sayğac və fərdi tənzimləyici ilə təmin olunub.
Qeyd edilib ki, rayonun Qayıdış-4, 5, 6, 7, 8, 9 qəsəbələrində küçə xətləri çəkilib, hazırda sayğaclaşma işləri aparılır. Araz Dilağarda və Araz Zərgər kəndlərində isə qaz xətlərinin çəkilişi davam etdirilir. Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi nəzərdə tutulur.
Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri qəsəbələrin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.