REGİONLAR


Füzuli rayonunun məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonları ilə yaxından tanış olacaqlar

A+ A

Füzuli, 17 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarına ekskursiyaya yola düşüblər.

AZƏRTAC xəbər verir ki, noyabrın 17-də Horadiz şəhərində məktəblilərin yola salınması mərasimi keçirilib.

Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər aksiyanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəniyyəti, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində qazanılan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.

Diqqətə çatdırılıb ki, Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən iştirakçılar Qəbələ rayonunda Heydər Əliyev adına Konqres mərkəzi, “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” pianino zavodu, “Tufandağ” Xizəkçilik Kompleksi və Qəbələ Konserv Zavodu ilə tanış olacaq, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Tur çərçivəsində məktəblilər Şəki Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə baş çəkəcəklər. Həmçinin Zaqatala rayonunda Zaqatala Tarix-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi, Dədə Qorqud Meydanı, fındıq emalı müəssisəsi ilə tanışlıq da nəzərdə tutulur.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər Ulu Öndərin Horadiz şəhərindəki abidəsini ziyarət etdikdən sonra Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.