CƏMİYYƏT
Füzuli və Ağdamda top mərmisinin qalıqları və qrad raketinin partladıcı başlığı tapılıb
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 2-də iki əkin sahəsinə, 4 partlayış yerinə baxış keçirib. Nəticədə Füzuli rayonunun Horadiz kəndində bir partlamamış hərbi sursat - 122 millimetrlik “9M22U” qrad raketinin partladıcı başlığı aşkarlanıb. Gün ərzində 4 min 200 kvadratmetr ərazi partlamış hərbi sursatların qalıqlarından təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əhmədağalı kəndində bir əkin sahəsində 2 partlayış yerinə baxış olub. Partlamış iki top mərmisinin qalıqları aşkar edilib. Cəmi üç min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 2-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 29 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1566 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.