REGİONLAR
Füzulidə 100 min tona yaxın taxıl istehsalı proqnozlaşdırılır
Füzuli, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzulidə 100 min tona yaxın taxıl istehsalı proqnozlaşdırılır. Artıq rayonda taxıl biçini kampaniyasına hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin məhsulu üçün 31 min 794 hekratda taxıl, o cümlədən 19 min 116 hektarda buğda, 12 min 678 hektarda arpa yetişdirilib. Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır.
Rayonda taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri aparılır, texnika saz vəziyyətə gətirilir. Taxıl zəmilərinin yanğından mühafizəsi üçün ətrafdakı alaq otları biçilir.
Taxıl biçininə rayonda olan 57 kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb ediləcək. Kombaynlardan 30-u “Aqrolizinq” ASC-nin Füzuli aqroservis filialına, 27-si isə fiziki şəxslərə məxsusdur. Kombaynların kəndlər üzrə bölgüsü aparılıb. Taxıl biçini əkin sahələri nəzərə alınmaqla, növbəlilik əsasında həyata keçiriləcək.
Yaxın günlərdə rayon icra hakimiyyətinin, kənd icra nümayəndələri və bələdiyyələrin, əlaqədar təşkilatların, aqroservis filialının nümayəndələrinin, iri taxıl istehsalçılarının iştirakı ilə biçinə hazırlıqla bağlı müşavirə keçiriləcək, biçin kampaniyasının mütəşəkkil və təhlükəsiz keçirilməsi üçün qərargah yaradılacaq.
Gələn ayın əvvəlindən isə arpa biçininə başlanılacaq. Ötən il zəmilərdən 88 min 148 ton məhsul əldə edən füzulili taxılçılar bu il 100 min tona yaxın taxıl istehsal etməyi qarşıya məqsəd qoyublar.