REGİONLAR
Füzulidə 100 min tondan artıq taxıl istehsalı proqnozlaşdırılır
Füzuli, 31 may, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermerlər və torpaq mülkiyyətçiləri arpa biçininə başlayıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin məhsulu üçün 35 min 818 hektarda taxıl yetişdirilib. Bu, əvvəlki illə müqayisədə 4134 hektar çoxdur. Zəmilərin 23 min 895 hektarı buğda, 11 min 923 hektarı isə arpadır. Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır.
Rayonda taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri aparılıb, texnika saz vəziyyətə gətirilib.
Taxıl biçininə 60-dan çox kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib. Kombaynların kəndlər üzrə bölgüsü aparılıb. Taxıl biçini əkin sahələri nəzərə alınmaqla, növbəlilik əsasında həyata keçirilir. Ötən il zəmilərdən 112 min ton məhsul əldə edən füzulili taxılçılar bu il də 100 min tondan artıq taxıl istehsal etməyi qarşıya məqsəd qoyublar.