REGİONLAR
Füzulidə 1695 nəfər ambulator, 87 nəfər isə stasionar müalicəyə cəlb olunub
Füzuli, 27 mart, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da əhalinin kütləvi tibbi dispanserizasiyası uğurla həyata keçirilir.
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov AZƏRTAC-a bildirib ki, əhalinin tibbi müayinəsi Füzuli Tibb Mərkəzində, Horadiz şəhər, Əhmədbəyli kənd, İkinci Zobucuq və Qayıdış qəsəbə xəstəxanalarında aparılır. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər.
Fevralın 15-dən indiyədək 27 idarə-müəssisə kollektivi, 9 yaşayış məntəqəsinin sakinləri olmaqla, 18 min 485 nəfər müayinə olunub. Onlardan 1695 nəfər ambulator, 87 nəfər stasionar müalicəyə cəlb edilib, 31 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Hazırda 23 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi davam etdirilir.
Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti füzulililər tərəfindən minnətdarlıqla qarşılanır.