REGİONLAR


Füzulidə 28 min əhalinin yaşadığı məntəqələri birləşdirən avtomobil yolu tikilib VİDEO

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Füzulidə 28 min əhalinin yaşadığı məntəqələri birləşdirən avtomobil yolu tikilib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolu rayonun 13 yaşayış məntəqəsindən keçir.

Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bu yolun tikintisi ilə xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişinin çətinləşməsi və rayon mərkəzinə sərnişin və yük daşımalarındakı problem köklü şəkildə aradan qaldırılıb.

Uzunluğu 32,5 kilometr olan Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, yol yatağının eni 12 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının və 20 yerdə su keçidlərinin, həmçinin su borularının tikintisi işləri aparılıb. Yuxarıda sadalanan işlərə paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 230 min kvadrat metr ərazi asfaltlanıb.

Hazırda yol boyu çiyinlərin bərkidilməsi işləri aparılır. Yolun zəruri olan yerlərində yol nişanlarının quraşdırılması və xətlənməsi işlərinin də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.