REGİONLAR
Füzulidə aqrar bölmənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Füzuli, 22 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon müşavirəsində 2016-cı ildə Füzuli rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər və aqrar bölmənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı üzrə aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin, taxıl, pambıq, barama istehsalçılarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 2016-cı ildə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur.
Diqqətə çatdırılıb ki, rayonda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Cari ildə 35 min 818 hektar sahədən 121 min tondan artıq məhsul istehsal edilib.
Qeyd olunub ki, 2016-cı ildə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın inkişafına da xüsusi diqqət yetirilib. 600 tona yaxın pambıq, 3,5 tondan artıq barama istehsal olunub.
Prezident İlham Əliyevin dekabrın 6-da imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən hədəfləri diqqətə çatdıran Alı Alıyev 2017-ci ildə qarşıda duran vəzifələrdən danışıb, aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
Bildirilib ki, rayonda 4 iri fermer təsərrüfatı yaradılıb. Gələn ilin məhsulu üçün 36 min 82 hektar sahəyə taxıl səpilib, 2000 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib. 2017-ci ildə 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq rayon ərazisində 50 minə yaxın çəkil ağacı əkilib. Rayonda aqroparkın yaradılması istiqamətində iş aparılır.