REGİONLAR
Füzulidə cins heyvandarlıq inkişaf etdirilir
Füzuli, 23 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir. Son illərdə rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.
Füzuli rayon baytarlıq-diaqnostika kabinetinin direktoru Orxan Quliyev AZƏRTAC-a bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 742 baş inək və düyə süni yolla mayalandırılıb, 520 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şves” cinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək min başadək heyvanın süni mayalandırılması nəzərdə tutulub.
O.Quliyev qeyd edib ki, heyvanlar arasında süni mayalanma tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb.
Rayonda cins heyvandarlığın inkişafının göstəricilərindən biri Mahmudlu kəndində yaradılan müasir heyvandarlıq kompleksidir.
Kompleksin iş icraçısı Qərib Ələkbərov bildirib ki, tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisədə mexanikləşdirilmiş ferma, buzovlar, düyələr və sağılan heyvanlar üçün tövlələr, sağımxana, doğumxana, yem və su anbarları, 6 silos quyusu, ot anbarı, işçilər üçün evlər yaradılıb. Hazırda kompleksdə Almaniyadan gətirilmiş 800 baş südlük istiqamətli heyvan saxlanılır ki, onlardan da 350-si sağmal inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 19-21 litr südvermə qabiliyyətinə malikdir. Heyvanlardan gün ərzində 5000 litrdən artıq süd sağılaraq süd emalı müəssisələrinə göndərilir.