REGİONLAR
Füzulidə iri toxumçuluq və fermer təsərrüfatları yaradılacaq
Füzuli, 13 mart, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Müşavirədə aidiyyəti xidmət təşkilatlarının əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri və kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev müşavirədə Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqlarının Füzuli rayonunda uğurla icra olunduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda hər biri 1000 hektar olan dörd iri taxılçılıq təsərrüfatı, 2700 hektar sahədə aqropark yaradılıb. 500 hektar ərazidə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 hektar sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır. 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır.
Bu il rayonda 2050 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib. Pambıq əkiləcək sahələrdə şum aparılıb. 2017-ci ildə rayonda 30 tona yaxın barama istehsalı nəzərdə tutulub. Artıq 50 minə yaxın çəkil ağacı əkilib, ipəkqurdu saxlayacaq kümçülər müəyyən edilib.
Müşavirədə aidiyyəti təşkilatlara pambıq əkini ilə bağlı şumun mart ayının sonuna kimi başa çatdırılması, pambıq əkininin nəzərdə tutulmuş vaxtda aparılması, kümçülərlə yerlərdə görüşlər keçirilməsi, ipəkqurdu saxlanılacaq yerlərə baxış keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Tədbirdə, həmçinin rayon sakinlərinin həyətyanı və pay torpaqlarından səmərəli istifadə etməsi, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarının özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödənilməsi ilə bağlı məsələlər də müzakirə olunub.