REGİONLAR
Füzulidə istixana kompleksində yetişdirilən məhsul Rusiyaya ixrac olunacaq
Füzuli, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda istixana kompleksində yetişdirilən məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunacaq.
AZƏRTAC xəbər verir ki, “LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi 16 hektar, istixana təsərrüfatının sahəsi isə 2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə 30 məcburi köçkün daimi işlə təmin edilib.
Fermer Rüstəm Rüstəmov bildirib ki, mart ayında əkilən xiyar bitkisinin məhsulu mayın əvvəlindən yığılmağa başlanılıb. Təsərrüfatda hər gün orta hesabla 1-3 ton məhsul yığılır. Ölkə ərazisində tələbat çox olduğu üçün istehsal olunan məhsul hələ ki, daxili bazara çıxarılır. Yaxın günlərdə isə xiyarın Rusiya bazarlarına ixrac olunması nəzərdə tutulur. İstixanada yığım prosesi avqust ayına kimi davam edəcək. Avqust ayında isə pomidor əkini aparılacaq.
Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə daha 2 hektar ərazidə istixananın qurulmasına başlanacaq. Ümumilikdə isə istixananın sahəsinin 10 hektara, işçilərin sayının isə 30-dan 200-ə çatdırılması nəzərdə tutulur.