REGİONLAR
Füzulidə kənd təsərrüfatı məhsullarının satış bazarının təməli qoyulub
Füzuli, 12 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə Füzuli rayonunda iş adamları, fermerlər və məcburi köçkünlərlə görüşlər keçirilib, sahibkarlığın inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, rayona sərmayələrin cəlb edilməsi məsələləri müzakirə olunub. Müzakirələr zamanı aqrar rayon olan Füzulidə sahibkarların, məcburi köçkünlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək üçün satış mərkəzlərinin yaradılması təklif edilib.
AZƏRTAC xəbər verir ki, Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları Zobucuq qəsəbələri ərazisində kənd təsərrüfatı məhsullarının satışı bazarının təməlqoyma mərasimi keçirilib. Mərasimdə sahibkarlar, fermerlər, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq problemlərinin həlli ilə bağlı tapşırıqlarına uyğun olaraq rayonda bir sıra tədbirlər görüldüyünü deyib. Bildirib ki, təməli qoyulan bazarın inşası tezliklə başa çatdırılacaq və Zobucuq qəsəbələrində, həmçinin ətraf kəndlərdə yaşayan məcburi köçkünlər yetişdirdikləri məhsulları burada sata biləcəklər.
Diqqətə çatdırılıb ki, yaxın günlərdə Qayıdış qəsəbələrində və Horadiz şəhərində də bu cür bazarların inşasına başlanılacaq.
Çıxış edən məcburi köçkünlər dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirib, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.