REGİONLAR
Füzulidə pambıqçılıq və baramaçılığa maraq artıb
Füzuli, 25 may, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. 2015-2016-cı təsərrüfat ilində rayon üzrə 35 min 818 hektar ərazidə taxıl əkilib ki, bu da əvvəlki ilə nisbətən 4134 hektar çoxdur. Zəmilərin 23 min 895 hektarı buğda, 11 min 923 hektarı isə arpadır. Havaların əlverişli keçməsi və əkin sahələrinə normal aqrotexniki qulluq edilməsi bu il taxıl sahələrindən bol məhsul götürüləcəyinə əminlik yaradır.
Aqrar rayon olan Füzulidə taxılçılıqla yanaşı, digər sahələrin də inkişafına diqqət yetirilir. Dövlət başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq, cari ildə rayonda 500 hektar sahədə pambıq əkilib. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulililər tərəfindən müsbət qarşılanıb. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan pambıqçılıq və baramaçılığın yenidən bərpa edilməsi, hazırda bazarda 1 kiloqram pambığın qiymətinin 50-55 qəpik, 1 kiloqram baramanın qiymətinin isə 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Rayonun işğaldan azad olunmuş ərazisinə bu il 1820 qram və ya 90 qutudan artıq ipəkqurdu toxumu gətirilib və baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. 2016-cı ildə rayonda 4 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Rayonda bostan-tərəvəz məhsullarının yetişdirilməsi də diqqətdə saxlanılır. Belə ki, cari ildə 456 hektarda bostan, 698 hektarda tərəvəz bitkiləri, 141 hektarda isə kartof əkilib.
Əhali ilə aparılan təbliğat, maarifləndirmə işləri nəticəsində rayon sakinləri həyətyanı və pay torpaqlarından səmərəli istifadə edərək, özlərinin kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan tələbatlarını yerli istehsal hesabına ödəyirlər. Kəndlilər istehsal etdiyi artıq məhsulları daxili bazarlarla yanaşı, respublikanın digər şəhər və rayonlarındakı bazarlara da çıxararaq, ölkədə ərzaq bolluğu yaradılmasına öz töhfələrini verirlər.
Əhalinin pambıqçılıq və baramaçılığa olan xüsusi marağını, onların məşğulluğunu həmin sahənin hesabına təmin olunmasını nəzərə alaraq, 2016-2017-ci təsərrüfat ili üçün indidən hazırlıq işlərinə başlanılıb. Rayonda 1500 hektar sahədə pambıq, 20 min ədəd çəkil tingi əkilməsi, 10 tondan artıq barama istehsal olunması nəzərdə tutulub.