REGİONLAR
Füzulidə pambıqçılıq və baramaçılığın inkişafı dəstəklənir
Füzuli, 29 aprel, AZƏRTAC
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kənd Təsərrüfatı, İqtisadiyyat, Fövqəladə Hallar nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “MKT İstehsalat Kommersiya” MMC-nin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri iştirak ediblər.
Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, dövlət başçısının aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılıq və baramaçılığa diqqətin artırılmasıdır. Yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixrac tutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Pambıqçılıq və baramaçılıq da bu qəbildəndir
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda pambıq əkininin gedişi, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, münbit torpaqlar və suvarma suyu ilə təminat Füzuli rayonunda bu sahələrin inkişafına imkan yaradır. Odur ki, bu il rayonda 500 hektar sahədə pambıq əkilməsi üçün yer müəyyənləşdirilib və şum aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Diskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək, görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs ediblər.
Müşavirədə torpaqların analizinin aparılması, üzvi gübrələrin yerlərdə hazırlanması, pambıq əkininə görə istehsalçılara subsidiyalar verilməsi, yeni tut bağları salınması kimi təkliflər irəli sürülüb.
Müşavirə iştirakçıları rayonda pambıq və digər texniki bitkilərin istehsalının artırılmasını dəstəklədiklərini bildiriblər.