REGİONLAR
Füzulidə sahibkarlığın inkişafına diqqətlə yanaşılır
Füzuli, 15 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdə şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, fəaliyyətlərini genişləndirir, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Kənd təsərrüfatı ilə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq son bir il ərzində rayonda 4 iri fermer təsərrüfatı yaradılıb, Horadiz şəhərində 10 hektar sahədə istixana kompleksi, Üçüncü Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası inşa edilib.
Hazırda 2700 hektar sahədə Aqropark yaradılır. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə ölkənin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir-intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaqdır. Aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində, xüsusilə Qayıdış qəsəbələrində yaşayan yüzə yaxın məcburi köçkün işlə təmin olunacaq.