CƏMİYYƏT
Füzulidə tank əleyhinə idarə olunmayan raket aşkar edilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən Füzuli rayonunun Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 250 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, həmçinin Tərtər rayonunun Qaradağlı kəndinin suvarma kanalının kənarında 1 ədəd 120 millimetrlik minaatan mərmisi (OF-843) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Mingəçevir şəhərində isə Naxçıvani küçəsi 31 ünvanında yerləşən binanın arxasındakı şübhəli çantaya baxış keçirilib, 1 dəst hərbi ləvazimatlardan ibarət çanta aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.