REGİONLAR
Füzulidə taxıl biçininə 60 kombayn cəlb ediləcək
Füzuli, 31 may, AZƏRTAC
Füzuli rayonunda taxıl biçini kampaniyasına cəlb ediləcək 60 kombayn, habelə xeyli sayda küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika saz vəziyyətə gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Füzuli Rayon İcra Hakimiyyətində taxıl biçininə hazırlıqla bağlı keçirilən müşavirədə bəhs edilib.
Rayon icra hakimiyyətinin, kənd icra nümayəndələri və bələdiyyələrin, əlaqədar təşkilatların, iri taxıl istehsalçılarının, mexanizatorların iştirak etdikləri müşavirədə taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub.
Bildirilib ki, Füzuli rayonunda cari ilin məhsulu üçün 36 min 82 hektar ərazidə taxıl yetişdirilib. Bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır.
Qeyd edilib ki, əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini növbəlilik əsasında həyata keçirmək üçün rayonda xüsusi komissiya yaradılıb. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün tədbirlər görülüb.