REGİONLAR
Füzulidə taxıl sahələrinə 60-dan çox kombayn çıxarılacaq
Füzuli, 30 may, AZƏRTAC
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində taxıl biçininə hazırlıqla bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, kənd icra nümayəndələri və bələdiyyələrin, əlaqədar təşkilatların, iri taxıl istehsalçılarının, aqroservis filialları əməkdaşlarının iştirak etdikləri müşavirədə taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub.
Bildirilib ki, Füzuli rayonunda cari ilin məhsulu üçün 31 min 794 hektarda taxıl, o cümlədən 19 min 116 hektarda buğda, 12 min 678 hektarda arpa yetişdirilib. Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır. Biçin kampaniyasına hazırlıqla əlaqədar 60-dan çox taxılbiçən kombayn, habelə xeyli sayda küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika saz vəziyyətə gətirilib.
Müşavirədə kombaynların təhkimolunma qrafiki, həmçinin arpa və buğda biçininin, şumun qiymətləri elan edilib.