REGİONLAR
Füzulili məcburi köçkün: Böyük bir ailə üçün bundan yaxşı hədiyyə nə ola bilər?!
Ağdam, 26 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi düzgün addımdır. Bundan sonra yemək xərci və kommunal xidmətlər üçün müavinətləri özümüz alacaq, istədiyimiz kimi istifadə edəcəyik.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Füzuli rayonundan olan məcburi köçkün Tamara Əsgərova deyib. O bildirib ki, ailəsi 2006-cı ildən Ağdam rayonunun işğal altında olmayan ərazisində salınmış Səfərli qəsəbəsində məskunlaşıb. Qəsəbədə yaşayış üçün lazımi şərait yaradılıb. Bütün mənzillər təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib.
Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsini onlara göstərilən diqqət və qayğının bariz nümunəsi adlandıran T.Əsgərova deyib: “Kommunal xidmətlərdən qənaətlə istifadə edərək, kartımıza köçürülən vəsaitin qalan hissəsini başqa ehtiyaclara yönəldə biləcəyik. Böyük bir ailə üçün bundan yaxşı hədiyyə nə ola bilər?! Ailəm adından bizə göstərdiyi qayğıya görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.